1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsi ilə bağlı Bəyanat verib

PDF faylını al Çap E-poçt

Posted on 23 Aprel 2012

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 19 aprel 2012-ci ildə “Kür”Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oqtay Gülalıyev barəsində Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işinin başlanmasını və onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini pisləyərək, bunu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı növbəti təzyiq kimi qiymətləndirir.

Qeyd edək ki, Oqtay Gülalıyev 2010-cu ilin yayından Kür çayının daşması nəticəsində yaranan fəlakətinin nəticələrinin aradan qaldırılması və bu hadisədən əziyyət çəkən insanların dövlət dəstəyi ilə təmin olunması ilə fəal məşğul olub. 2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox ərazi və 20 min ev su altında qalıb. Qərargah maliyyə mənimsəməsi, korrupsiya və yerli icra orqanlarının yanlış tədbirləri ilə bağlı çoxsaylı faktların müəyyən edilməsi, habelə minlərlə sakinin kompensasiyalarının, mənzil və dövlətin digər yardımlarının verilməsinə hüquqi-texniki yardım edib.

Oqtay Gülalıyev 8 aprel 2012-ci ildə Sabirabad rayonunun Minbaşı kəndində daşqınlarla bağlı monitorinq apararkən, polis tərfindən saxlanılıb və məhkəmə tərəfindən 12 sutka həbs cəzasına məhkum edilib. Bundan sonra onun azad edilməsinə bir gün qalmış, yəni aprelin 19-da Sabirabad rayon prokurorluğu Oqtay Gülalıyev barəsində Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açıb. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. SMDT-nin müstəqil mənbələrdən əldə etdiyi məlumata görə, məhkəmə prosesinin keçirilməsi zamanı Oqtay Gülalıyevin hüquqları kobud şəkildə pozulub, o, vəkillə təmin edilməyib. Oqtay Gülalıyev həmçinin, Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov tərəfindən döyüldüynü bildirsə də, hüquq-mühafizə orqanları bu şikayətə məhəl qoymayıb.

SMDT Oqtay Gülalıyevin həbsini ölkədə son illər vətəndaş cəmiyyəti fəallarına qarşı artan təzyiqlərin tərkib hissəsi hesab edir, bu hadisəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası, ATƏT-in Kopenhagen sənədi və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan  cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ və birləşmək azadlığının kobud qaydada pozulması kimi qiymətləndirir.

SMDT  hesab edir ki, Oqtay Gülalıyevin barəsində  əsassız ittihamlarla  cinayət işinin açılması siyasi xarakter daşıyır, bu hadisə Kür daşqınından əziyyət çəkən insanlara ictimai dəstəyin qarşısı alınmağa, vətədaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmağa yönəlib.

SMDT ümid edir ki, Oqtay Gülalıyevin azad olunması yönündə Azərbaycan Respublikası müfaviq dövlət orqanları, o cümlədən Ombudsman İnstitutu səylər nümayiş etdirəcək və tezliklə vətəndaş cəmiyyəti fəalına qarşı başlamış cinayət işi xətm olunacaq.

SMDT Oqtay Gülalıyevin həbsi ilə bağlı yerli və beynəlxalq QHT-ləri, habelə ATƏT, Avropa Şurası və Avropa Birliyinin nümayəndəliklərini səylər nümayiş etdirməyə və vətəndaş cəmiyyəti təşkilatlarının ölkədə sərbəst fəaliyyəti üçün təzyiqlərin aradan qaldırılmasına çalışmalarına çağırır.

Limon Tour World Guide Tranzito