1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Sumqayıtda vətəndaş iştirakı ilə bağlı forum keçirib

PDF faylını al Çap E-poçt

Posted on 21 İyul 2012

İyulun 20-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Sumqayıtda Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin Regionlarla İş üzrə Meneceri Cavid Nəbiyev proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar- vətəndaşların iştirakına təminat verən Azərbaycan Respublikasının Konstitusiyası, “Deputatın Statusu haqqında”, “ Bələdiyyələrin statusu haqqında”, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” qanunlar və “ Bələdiyyələrin Məhəlli Komitələri haqqında Nümunəvi” Əsasnamədə nəzərdə tutulan müddəalar barədə çıxış edib. Adı çəkilən qanunlarda vətəndaşların yerli problemlərin həlli ilə bağlı hüquq və vəzifələrinə diqqət çəkib.

Forumda bölgə koordinatoru Elvin Zeynalov yerli problemlərin həlli ilə bağlı yaradılmış işçi qruplarının fəaliyyəti ilə bağlı məlumat verib.

Forum iştirakçıları yerli problemlərin həlli ilə əlaqədar məsələ qaldırdıqda, müvafiq orqanlara müraciət etdikdə bunun bir nətic vermədiyini, eləcə də yerli orqanların əhalinin xəbəri olmadan gizli işlər gördüklərini, qanun pozuntularına yol verdiklərini bildiriblər. Müsavat partiyasının Sumqayıt Şəhər Təşkilatının üzvü Vəfa Cümşüdlü bunun səbəbini korrupsiyada gördüyünü qeyd edib. Avropa-Azərbaycan Hərəkatının nümayəndəsi Emin Piri isə əməli işlər görülməsinin vacibliyini vurğulayıb. Ümid partiyasının nümayəndəsi Sadiq Əkbər vətəndaş aktivliyinin aşağı səviyyədə olmasını kütləvi olaraq maarifləndirmə işlərinin aparılmaması ilə əlaqələndirib. Gələcək İctimai Birliyinin üzvü Həcər Abbaslı isə vəziyyətlə bağlı ruh düşkünlüyü yaşamağa ehtiyac olmadığını və istər vətəndaşlar arasında aktivliyin artırılmasının, istərsə də yerli idarəetməni təşkil edən qurumlarla münasibətlərin qurulmasının bizdən asılı olduğunu bildirib. Sumqayıt Şəhər Təbiət Təmayüllü Litseyin müəllimi Gülnaz Quliyeva isə problemin yaranmasında insanların mənəvi dəyərlərinin aşağı olmasının səbəb olduğuna diqqət çəkib. “Sağlam Düşüncə” Gənclər Təşkilatının üzvü Ülkər Cəfərova gənclərin sosial aktivliyinin aşağı səviyyədə olmasında birbaşa valideynlərin səbəbkar olduğunu deyib. Açıq Cəmiyyət Partiyasının üzvü Anar Fərəcbəyli vətəndaş aktivliyinin birbaşa səbəbkarı kimi cəmiyyətimizin keçid dövrü yaşamasını bildirib. Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Ülvi Məmmədov isə passivliyin səbəbini maddi güzəranın aşağı olması ilə bağlayıb.Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Oqtay Mürsəlov qeyd edib ki, insanların özlərinin birbaşa təmsil olunduğu və iştirakçısı olduğu məhəlli qurumlar, icmalar yaratmaqla vətəndaş aktivliyinə təsir göstərmək olur.

Vətəndaş forumunun yekunu olaraq iştirakçılar yerlərdə şuraların yaradılması təklifini dəstəklədilər. SMDT nümayəndələri yaradılacaq yerli şuralara SMDT tərəfindən hüquqi yardım göstəriləcəyini bildirdilər.

Xatırladaq ki, Sumqayıtda keçirilən forumda “Yerli İcra Hakimiyyətlərinin idarəetmədə şəffaflığı” mövzusunda məruzə etmək üçün yerli icra hakimiyyətinə, həmçinin bu mövzuda müvafiq olaraq bələdiyyəyə dəvət göndərilsə də iştirak etməyiblər

 

SMDT Media və İctimaiyyətlə əlaqələr departamenti

Limon Tour World Guide Tranzito