1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Gəncədə vətəndaş iştirakı ilə bağlı forum keçirib

PDF faylını al Çap E-poçt

Posted on 23 İyul 2012

İyulun 23-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncə şəhərində Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin İcraçı direktoru Bəşir Süleymanlı vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib. Həmçinin, vətəndaşların seçkilərarası dövrdə idarəetmədə iştiraka həvəsləndirilməsi və yerli icmaların bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Forumda Gəncə bölgə koordinatoru Asəf Əhmədov yerli problemlərin həllində icmaların rolu barədə danışıb.

ATƏT-in məhkəmələrin monitorinqi üzrə Gəncə nümayəndəsi Zabil Qəhrəmanov siyasi partiyaların yerli problemlərin həllində passivliyi barədə danışıb: “İnsanların hüquqlarını bilməsi bu hüquqların təmin edilməsi demək deyil. Seçkilərarası dövrdə vətəndaşlarla işləmək və onların probelmlərinə yardım etmək lazımdı. Müxalifət partiyasının liderləri vətəndaşlarla təmasda maraqlı görünmürlər. Sosial şəbəkələr vasitəsi ilə vətəndaşla birbaşa əlaqə qura və suallarını cavablandıra bilərlər. Yerlərdə siyasi partiyaların çox üzvləri var ki, problemin həlli üçün, hansı orqana müraciət etməyi bilmirlər. Bunları üzvlərinə öyrətməlidirlər. Zabil Qəhrəmanov vətəndaşları problemlərin həllində həvəsləndirmək üçün öncə kiçik problemlərin həllindən başlamaq lazım olduğunu qeyd edib və məhkəmə sisteminin müstəqil olmadığından vətəndaşların köməksiz durumda olduğunu bildirib.

“Azərbaycan Xronikası” qəzetinin əməkdaşı Sabir İsayev Bələdiyyələrin fəaliyyəti ilə bağlı maraqlı fakt açıqlayıb. Bildirib ki, Nizami (Gəncə) rayonunun icra hakimiyyəti iclas keçirərkən həmin rayonun bələdiyyə üzvlərini iclasa dəvət etmir. Yalnız Bələdiyyə sədri, müavini və digər kiçik işçiləri iclasa dəvət edirlər. Səbəb kimi, bələdiyyənin digər üzvlərinin iclasda problemlərdən danışmaq qorxusunun olduğunu göstərib.

“Kamil Vətəndaş” Maarifləndimə Mərkəzinin rəhbəri Həsən Hüseynli rəhbərlik etdiyi QHT-nin yerli icmaların inkişafı ilə bağlı həyata keçirdiyi proqramı zamanı yaranan problemlərdən danışıb: “Biz daha çox gənclərlə, xüsusilə də tələbələrlə işləyirik. Layihələrimizin böyük hissəsi sosial problemlərin həlli ilə bağlı vətəndaşların maarifləndirilməsini nəzərdə tutur. Ancaq bizim tələbə könüllülərimizə təzyiqlər edilir. Onların oxuduğu ali məktəblərdə bizim ofisə gəldikləri üçün sıxışdırılır.  Yerli İcra hakmiyyəti tədbirlərimizi keçirməyə imkan vermir. Ancaq buna baxmayaraq biz maarifləndirmə işlərimizi davam etdiririk. Çünki ən effektiv yol budur.”

Yerli icmanın nümayəndəsi İmamverdi Vəliyev seçkilərlə bağlı təlim və seminarların keçirilməsini məqsədəuyğun hesab edib: Vətəndaşlar yalnız seçki dövründə  nəsə öyrənirlər.  Səslərini necə qorumağı bilmirlər”.

Aqrar Universitetin fəal tələbəsi Mahir (Türksoy) Əliyev gənclər arasında maarifləndirmə işinin gücləndirilməsini vacib sayıb: “Savadlı gənc gələcəyin təminatçısıdır. İctimai müzakirələri daha çox keçirmək lazımdır ki, gənclər hüquqlarını daha yaxçı mənimsəsinlər və qorxmasınlar.”

Xatırladaq ki, Gəncədə keçirilən forumda “Yerli İcra Hakimiyyətlərinin idarəetmədə şəffaflığı” mövzusunda məruzə etmək üçün yerli icra hakimiyyətinə dəvət göndərilsə də iştirak etməyiblər və tədbirin keçirilməsinə qadağa qoyublar.

 

SMDT Media və İctimaiyyətlə əlaqələr departamenti

Limon Tour World Guide Tranzito