1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT Siyasi Azadlıqların durumu ilə bağlı İctimai Forum keçirib

PDF faylını al Çap E-poçt

Posted on 11 Oktyabr 2012

 

Oktyabrın 11-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) dəstəyilə "Azərbaycanın Avropa İttifaqı  Şərq Tərəfdaşlıq Proqramında iştirakı şəraitində siyasi azadlıqların durumu" mövzusunda İctimai Forum keçirib.

SMDT sədri Anar Məmmədli üç il öncə Azərbaycanın 5 postsovet ölkəsi (Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) ilə birgə Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramında iştiraka dəvət aldığını xatırladaraq, bu prosesdə insan haqları və demokratikləşmə ilə bağlı islahatların vacib kriteriya olduğunu bildirib:“Azərbaycanın bu proqramda iştirak müddətində ilk dəfə olaraq, gələn il ölkədə prezident seçkisi keçiriləcək və ölkəmizin Avropaya inteqrasiyası baxımından Şərq Tərəfdaşlıq təşəbbüslərinin siyasi azadlıqların durumu konteksində dəyərləndirilməsi vacibdir”.

İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlunun moderator olduğu "Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramının siyasi azadlıqların təmin olunması yönündə hədəfləri" mövzusunda müzakirələrdə  əsasən sözügedən proqramın əhəmiyyətindən söhbət açılıb. Q.İbadoğlu AB-nin Şərq Tərəfdaşlıq Proqramı üzrə təşəbbüslərindən biri kimi Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycandan 45 QHT-nin üzv olduğunu xatırladıb.

Avropa İttifaqı Azərbaycan Nümayəndəliyinin Siyasi Bölmə rəhbəri Toralf Pilz Şərq Tərəfdaşlığı proqramının hədəfləri barədə danışaraq, 6 postsovet ölkəsinin Avropa iqisadiyyatına inteqrasiya etməsi üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üçün səylər göstərməli olduğunu bildirib: "Şərq Tərəfdaşlığı demokratiya, siyasi azadlıqlar və insan haqları üzərində qurulubdur. Üzv ölkələr bu öhdəlikləri yerinə yetirməlidirlər. Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələri var. Həmin qətnamələrdə korrupsiya, mülkiyət hüquqları,  siyasi azadlıqlar və digər məsələlər yer alıb. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramını yaratmaqla göstərdi ki, ölkələrdə fundamental dəyərlərin yaşaması üçün partnyorlarla əməkdaşlıq etsin. Azərbaycanda QHT-lərin vətəndaş cəmiyyəti platformasında aktiv iştirakını qeyd etmək istəyirəm"

SMDT sədri Anar Məmmədli Azərbaycanın bu proqrama qoşulandan sonra ölkəmizdə 2 seçki – 23 dekabr 2009-cu ildə bələdiyyə və 7 noyabr 2010-cu ildə parlament seçkiləri keçirildiyini qeyd edib: "Bu proqrama kimi Azərbaycandakı seçkilər ATƏT və Avropa Şurası strukturlarının  hesabatlarında yer alırdı, 2009-cu ildən isə artıq Azərbaycan Şərq Tərəfdaşlığı proqramına qoşulmaqla Avropa Birliyi strukturlarına ölkədəki seçkiləri qiymətləndirmək üçün imkan yaranıb".A.Məmmədli bildirib ki, 16 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkisi Azərbaycan üçün Avroatlantik məkana inteqrasiya baxımından növbəti sınaq olacaq. SMDT rəhbəri Şərq Tərəfdaşlıq proqramına dəvət alan 6 ölkədən yalnız Belarus və Azərbaycan dövlət rəhbərlərinin indiyədək Avropa Birliyinə üzvlüklə bağlı niyyət açıqlamadığını vurğulayıb. Onun sözlərinə görə Azərbaycan hakimiyyəti bu proqram çərçivəsində islahatlar aparmaq əvəzinə hələ də imitasiya edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələrindən danışan A. Məmmədli bildirib ki, bu qətnamələrin hazırlanmasında Avropa Parlamentindəki sosialistlərin, liberallar və yaşıllar fraksiyalarının rolu yüksəkdir: "Təəssüf ki, Azərbaycandakı siyasi partiyalar bu fraksiyalarla yetərincə əlaqə qura bilməyiblər. Azərbaycan hakimiyyətinin anti- Avropa ritorikasına rəğmən biz bu qurumlarla əlaqələri genişləndirməyə və regional siyasi şəbəkələşməyə çalışmalıyıq".

AXCP sədri Əli Kərimli Şərq Tərəfdaşlığının ölkəmiz üçün vacib olduğunu deyib: "Avropa İttifaqına Azərbaycan cəmiyyətində daha böyük etimad var. Amma Azərbaycan Şərq Tərəfdaşlığına qoşulduğu 3 il müddətində  müsbətə doğru heç nə dəyişməyib. Seçkilərin keçirilməsi get-gedə daha da pisləşir. 2010-cu ildə keçirilən parlament seçkiləri qanunverici orqana son 18 ildə baş tutan ən qeyri-demokratik seçki idi. Mediaya təzyiqlər davam edir,  korrupsiya ilə mübarizə imitasiyadır, ölkədə siyasi məhbuslar var və bu problem qalmaqdadır. Azərbaycan hakimiyyəti öz standartları ilə Avropa İttifaqının  tərkibində olmaq istəyir. Hakimiyət çox varlıdır və bütün Avropa qurumlarında  lobbi yaradıb". Ə.Kərimli Aİ-nin hakimiyyətə təkliflərlə yox, hakimiyyətin iradəsinə təsir etmək mexanizmiləri işə salmağın tərəfdarı olduğunu bildirib.

Açıq Cəmiyyət Partiyasının sədri Süləddin Əkbər Azərbaycanın Şərq Tərəfdaşlığına qoşulandan sonra demokratiyanın inkişafında geriləmənin olduğunu söyləyib: "Azərbaycanda demokratiya, Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəyiriksə, seçki məsələsinə önəm verilməlidir"

İkinci hissədə isə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin moderatorluğu ilə "Azərbaycan-Avropa münasibətlərinə 16 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkisinin gözlənilən təsirləri: seçki təcrübəsinin təkmilləşdirilməsi imkanları" mövzusu ilə bağlı məruzələr dinlənilib. İntiqam Əliyev qeyd edib ki, Azərbaycanla bağlı gözləntilər var və Azərbaycan hakimiyyəti bununla anlaşmalıdır.

Mövzu ilə bağlı məruzə edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu çıxışında beynəlxalq təşkilatları tənqid edilməsinə münasibət bildirib: "Burada beynəlxalq təşkilatlara tənqidlər oldu. Belə məsələlərdə bu vəziyyətin yaranmasında bir qədər özümüzü də qınayaq". Ə.Oruclu bütün fəaliyyəti beynəlxalq təşkilatları tənqid üzərində qurulmasının düzgün olmadığını vurğulayıb: "Ölkədə movcud sistem böhran vəziyyətindədir. Buna yüzlərlə misal saymaq olar. Bizim Avropadan gözləntilərimiz var. Avropa Azərbaycanı özünə tərəfdaş görmək istəyirsə, Azərbaycan xalqına diqqət yetirməlidir".

"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Azərbaycanda bütün sahələrdə olduğu kimi seçki sahəsində də hüquqi bazanın bərbad olduğunu qeyd edib: "İndiki seçki qanunları ilə demokratik seçki keçirmək mümkün deyil. Zaman-zaman geri addımlamaqla belə seçki qanunvericiliyinə gəlib çıxmışıq.Avropa Məhkəməsinin seçki pozuntuları ilə bağlı qərarları var. Amma seçki komissiyalarında qanun pozuntularına yol vermiş adamlar cəzalandırılmayıb və onlar komissiyalarda təmsil olunurlar. Bu məsələni aradan qaldırmağa çalışmalıyıq".

Müzakirələr zamananı "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov  qeyd edib ki, Aİ, Avropa Şurası,  ATƏT müasir dünyanın oyunçularıdır: "Müasir dünyanın oyun qaydaları var. Hansı cəmiyyət bu oyun qaydalarından ağıllı istifadə edirsə, faydanala bilirlər. Müasir dünyada bu qurumlardan yaxşısı da yoxdur.  Bu qurumlar isə daha da prinsipial olmalıdır".

Gənclər Klubu İctimai Birliyinin sədri Zaur Əkbər hakimiyyət nümayəndələrinin belə forumlarda iştirak etmədiklərinə görə qınayıb. O, sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı yayılan video materialın sübut kimi yararlanmaq üçün yerli və beynəlxalq təşkilatlara şans yaratdığını deyib.

Şərq Tərəfdaşlığının həm də Avropanın təhlükəsizliyi üçün lazım olduğunu deyən Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı Azərbaycanda müxalifət partiyalarının üzərlərinə düşən işləri yerinə yetirdiklərini bildirib:"Gülər Əhmədova ilə bağlı yayılan videolarda ATƏT və Avropa Şurasının adını çəkib. Niyə bu qurumlar bu məsələyə münasibət bildirməlidirlər".

AMİP sədri Yusif Bağırzadə bildirib ki,  demokratik seçki keçirmək üçün hakimiyyətin siyasi iradəsi olmalıdır:"Seçki qanunvericiliyi mürtəce vəziyyətə salınıb. Müxalifətə qarşı təzyiq və təqiblər davam edir. Beynəlxalq təşkilatların Bakı ofisləri isə fəaliyyətsizdir. Müxalifət isə ölkədə demokratiya qurulması üçün birləşməlidir"

Qeyd edək ki, forumda Avropa Birliyi, ATƏT, İtaliya, Hollandiya, Avstriya, Latviya, Böyük Britaniya, ABŞ, Norveç vəRuminiya səfirlikləri, habelə yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito