1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT bölgələrdə yerli iştirakla bağlı bacarıqların artırılması təlimi keçirib

PDF faylını al Çap E-poçt

Posted on 04 Dekabr 2012

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqının maliyyə dəstəyilə Azərbaycanın 10 bölgəsini əhatə edən (Bakı, Gəncə, Sumqayıt, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Şəki, Beyləqan və Naxçıvan) “Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığının Artırılması” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq, yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş – dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Layihə çərçivəsində artıq “Azərbaycanda Seçici baxışları” adlı sorğusu aparılıb və adıçəkilən bölgələrdə Vətəndaş Forumları keçirilib. Proqamın fəaliyyəti ərzində vətəndaşların yerli idarəetmədə iştirakı ilə bağlı Məsləhət Şuraları və Parlament – Vətəndaş münasibətlərinin möhkəmləndirilməsi məqsədilə İctimai Şuranın yaradılması nəzərdə tutulur. Bu məqsədlə noyabr ayı ərzində bölgənin fəal vətəndaşlarına vətəndaş iştirakı ilə bağlı bacarıqların artırılması məqsədilə birgünlük təlimlər keçirilib. Noyabrın 9-u Şəkidə, 13-ü Beyləqanda, 20-si Xaçmazda, 22-si Göyçayda, 23-ü Gəncədə, 24-ü Bakıda, 27-si Lənkəranda, 29-u Bərdədə, dekabrın 2-si isə Sumqayıtda keçirilən təlimlərdə ümumilikdə 172 nəfər (140 kişi 32 qadın) fəal iştirak edib.

Təlimlərdə bölgədə fəaliyyət göstərən siyasi partiyalar, QHT nümayəndələri, gənclər, yerli icmalar,  Bələdiyyələr, SMDT könüllüləri, və digər vətəndaş cəmiyyəti fəalları iştirak edib. Təlimçilər Bəşir Süleymanlı və Cavid Nəbiyev layihə barədə təlim iştirakçılarına məlumat veriblər. Vətəndaş iştirakı formaları haqqında fikir mübadiləsi aparılandan sonra vətəndaş iştirakının qanunvericilikdə təsbit edilmiş formaları barədə danışılıb. Vətəndaş iştirakının növləri olan fərdi və kollektiv qaydada iştirak, seçkilərdə, siyasi partiyaların, Qeyri-hökümət təşkilatlarının, Bələdiyyələrin və məhəlli komitələrin fəaliyyətlərində iştirakın mahiyyəti və hüquqi bazasından bəhs edən sessiya keçirilib. Bununla yanaşı dövlət strukturlarının hesabatlılıq və şəffaflığın təmin edilməsi, millət vəkili və bələdiyyə üzvlərinin fəaliyyətində hesabatlılığının prinsipləri və ictimai nəzarətin önəmi barədə danışılıb. Təlimin ikinci hissəsində  informasiya sorğusunun hazırlanması, ərizə, şikayət, təklif, deputata müraciət etmək, imzatoplama kampaniyasının keçirilmə qaydası, birləşmək hüququndan istifadə, könüllülük, ictimai vəkillik kampaniyasının aparılması üsulları, ictimai dinləmələr, hərəkətli və hərəkətsiz aksiyalar, ictimai məlumatlandırma barədə məlumat verilib. Həmçinin, problemin ictimailəşdirilməsi xalq jurnalistikası – bloggerlik və onun elementləri, sosial mediadanın gücü və üsulları barəsində də iştirakçılar təlimatlandırılıblar.

Təlimlərin sonunda Yerli Məsləhət Şuralarının tərkibi müəyyən edilib. Növbəti mərhələdə yaradılmış Yerli Şuralara təşkilati quruculuq, idarəetmə, layihə yazılışı, maliyyə axtarışı və digər istiqamətlərdə təlimlərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, proqram başlamamışdan öncə SMDT rayon icra hakimiyyətlərinə əməkdaşlıq üçün məktub göndərsə də, icra hakimiyyətləri bundan imtina edərək, tədbirlərin keçirilməsini inzibati üsullarla əngəlləməyə çalışıblar.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito