1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Müsavat liderlərinə qarşı Lənkəran şəhərində baş vermiş hücumla bağlı BƏYANATI

PDF faylını al Çap E-poçt

Posted on 14 Yanvar 2013

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikası Lənkəran şəhərində Müsavat Partiyasının başqanı İsa Qəmbər və onu müşayiət edən məsul şəxslərə qarşı baş vermiş hücumu pisləyərək, bunu siyasi ayrı-seçkilik zəminində zorakılıq hadisəsi hesab edir.

 

Xatırladaq ki, 13 yanvar 2012-ci ildə Müsavat Partiyası Lənkəran rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı keçirilən yubiley tədbirdə iştirak etmək üçün Müsavat Pariyasının məsul şəxsləri, o cümlədən partiyanın rəhbəri və növbəti prezident seçkisində prezidentliyə namizədi İsa Qəmbər Lənkərana səfərə gediblər. Ancaq Lənkəran şəhərinin girəcəyində naməlum şəxslər tərəfindən Müsavat təmsilçilərinin idarə etdiyi avtomobillərin qarşısı kəsilib və şəhərə giriş üçün imkan verilməyib. Hadisə yerində bir qrup insan maşınlara hücum edərək, Müsavat Partiyası və onun təmsilçilərini təhqir edib, onların avtomobilərini əzib və ölümlə hədələyiblər.

SMDT təəssüflə bildirir ki, ölkənin əsas müxalif partiyalarından olan Müsavat Partiyasının təmsilçilərinə qarşı  hücum 100-dan artıq şəxsin iştirakı ilə baş vermiş, yaranmış qarşıdurma ilə bağlı polis əməkdaşları, o cümlədən Lənkəran Rayon Polis Şöbəsi seyrçi mövqe tutaraq, qanunla üzərinə düşən vəzifəni – vətəndaşların həyatının və ictimai asayişin qorunmasını yerinə yetirməmişdir. Bununla da vətəndaşların həyatına təhlükə yaradan hadisə hüquq mühafizə orqanlarının olaya siyasi motivlərlə yanaşması nəticəsində sərbəst toplaşmaq  və birləşmək azadlığının pozulması ilə nəticələnib. Qeyd edək ki, qarşıdurma zamanı Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, partiya fəalı Ülvi Quliyev, hadisə yerində çəkiliş aparan jurnalist Mehman Kərimov döyülüb.

SMDT baş vermiş hücum hadisəsini müxalif partiyanın siyasi fəaliyyət imkanlarının kobud və zorakı yolla məhdudlaşdırılması cəhdi kimi qiymətləndirərək, bu hadisənin təşəbbüskarları və iştirakçılarının ölkə qanunvericiliyinə uyğun qaydada məsuliyyətə cəlb olunmasını zəruri sayır. SMDT həmçinin Azərbaycan hökumətini bütün siyasi partiyalara bərabər fəaliyyət üçün şərait yaratmağa və öz opponentlərinin siyasi fəaliyyətinə qanunsuz müdaxilərlərə yol verməməyə çağırır.

 

SMDT  İdarə Heyəti

Bakı şəhəri, 14 yanvar 2013-ci il

Limon Tour World Guide Tranzito