1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT növbəti İctimai Forum keçirib

PDF faylını al Çap E-poçt

Posted on 30 Yanvar 2013

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) ABŞ NED-in maliyyə dəstəyi ilə  “Azərbaycanda Siyasi Azadlıqların monitorinqi və Təbliği”  layihəsini həyata keçirir.  Layihənin əsas məqsədi siyasi iştirak bacarıqlarının artırılması və siyasi azadlıqların monitoqinin  aparılmasıdır.

 

Yanvarın 25-də SMDT “16 Oktyabr 2013-cü il Prezident Seçkisi ərəfəsində Hüquqi və Siyasi Mühitin demokratikləşdirilməsi İmkanları” mövzusunda növbəti İctimai Forumu keçirib. Forumda bir müddət öncə nüfuzlu hüquqşünasların, seçki ekspertlərinin hazırladığı Memorandum müzakirə edilib. Memorandumda əsasən AŞ Venesiya Komissiyası və ATƏT DTİHB-nun tövsiyələri də nəzərə alınmaqla Seçki Məcəlləsinə 6 istiqamət üzrə dəyişikliklərin edilməsi əksini tapıb.

Forumda hüquqşünas Vidadi Mirkamal Memorandumun hazırlanma səbəblərindən danışıb: “Hüquqşünaslar və seçki mütəxəssisləri qərara gəldi ki, bütün siyasi qüvvələrin, cəmiyyətin mövqeyini əks etdirən müəyyən müddəaları sənəd halına salaq. Sənəddə Seçki Məcəlləsinə 6 istiqamətdə dəyişikliklər təklif olunur. İndiyə qədər bu Memorandumu 70-ə yaxın şəxs imzalayıb. Azərbaycanda 2013-cü il seçki ilidir, demokratik düşərgə imkanlardan yararlanmasa çətin olacaq.  Bütün siyasi qüvvələr bu Memorandum ətrafında bir araya gəlməlidirlər”.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov Memorandumda Seçki Məcəlləsinə təklif edilən dəyişikliklərin nədən ibarət olduğu barədə məlumat verib: “İndiki formatda seçki komissiyaları normal seçki keçirmək iqtidarında olmadığı üçün hazırladığımız sənəddə seçki komissiyalarının dəyişilməsi və yeni formatda formalaşdırılması nəzərdə tutulur. Namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı da Seçki Məcəlləsində ciddi problemlər var. Qeydiyyat üçün imzaya nə ehtiyac var? Depozit qoyuluşu bərpa edilməlidir”.

SMDT rəhbəri Anar Məmmədli qeyd edib ki, 2005-ci il hadisələrinin yenidən təkrarlanmasını istəmirlər: “2000-ci ildən bu yana seçki qanunvericiliyində ciddi dəyişikliklər edilməyib. Məcəllənin ciddi islahatlara ehtiyacı var. Eyni zamanda beynəlxalq təşkilatlarla işə diqqətlə yanaşılmalıdır. Çünki hakimiyyət yenə də ənənəsinə sadiq qalaraq beynəlxalq təşkilatlardakı lobbi əlaqalərindən istifadə etməyə çalışacaq”,

AXCP sədri Əli Kərimli bəyan etdi ki, biz bu sənədi imzalamaqla anons etmişik ki, demokratik seçki istəyirik: “Biz buna ilk addım kimi baxmalıyıq. Bu addımın davamı olmalıdır. Sülalə hakimiyyətinə son vermək üçün bütün siyasi elitanın bir ortaq sənədini də ortaya qoymaq lazımdır. Bu məsələ ilə bağlı da bir toplantıya ehtiyac var”.

Forumda QHT-lər, siyasi partiya və media təmsilçiləri, ziyalılar, hüquqşünaslar, seçki ekspertləri, səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

 

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti

Limon Tour World Guide Tranzito