1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Gənc fəal Harlem Shake rəqsinə görə həbs olundu

PDF faylını al Çap E-poçt

Posted on 30 May 2013

Mayın 17-də Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə youtube.com səhifəsində yerləşdirilən Harlem Shake rəqsinin təşkilinə görə xuliqanlıq ittihamı ilə həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılan “Azad Gənclik” Təşkilatının üzvünə qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə ittiham irəli sürülərək məhkəmə qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Lakin Rüstəmzadənin vəkili Nemət Kərimli həmin videonun Rüstəmzadə tərəfindən çəkilmədiyini bəyan edib. Qeyd olunan video isə “Nida” Vətəndaş Hərəkatının üzvlərinin həbsindən sonra fəal gəncləri cəmiyyətə əxlaqsız kimi təqdim etmək üçün hakimiyyətin nəzarətində olan TV-lərdə yayımlanıb.

Məhkəmə tərəfindən günahı sübut olunacağı təqdirdə Rüstəmzadəni 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun həbsi ictimai fəallığı, xüsusilə də yanvarın 12- və martın 10-da Bakının mərkəzində razılaşdırılmamış və “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən aksiyaların əsas təşkilatçılarından olması ilə əlaqələndirilir.

Bundan öncə Rüstəmzadə aprelin 30-da Bakıda “Terrora yox!” şüarı ilə keçirilən dinc aksiyada iştiraka görə inzibati qaydada həbs edilmiş və azadlığa çıxdıqdan bir gün sonra barəsində yeni cinayət işi açılmışdır. Sözügedən aksiyada iştiraka görə onunla birlikdə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər də saxlanılaraq inzibati qaydada həbs edilmişdi.

 

İnzibati həbs dövründə gənclərə vəkilləri ilə görüşməyə imkan yaradılmamış, onların iradələrinə zidd olaraq başları məcburi şəkildə qırxılıb. Mayın 10-da isə həmin gənclərin orada müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları alçaldıcı şərhlərlə bir sıra hakimiyyət yönlü internet saytlarında yayılıb.

 

Bu akt hakimiyyətin fəal gənclərə təzyiq etmək və ictimai aktiv gəncliyi qorxutmağa yönəlmiş cəhdləri kimi qiymətləndirilir. Məsələ ictimailəşsə də, aidiyyəti dövlət qurumlar bununla bağlı heç bir reaksiya verməyib.

 

Xatırladaq ki, yanvar ayından etibarən müxtəlif vaxtlarda Nida vətəndaş hərəkatının 7 üzvü həbs olunmuşdur. Bir sıra qanun pozuntuları ilə müşahidə olunan həbslərin siyasi motivlərlə sifariş olunduğu güman edilir.

 

Gənc fəallara qarşı repressiyaları Azərbaycan hakimiyyətinin Ərəb ölkələrində baş verən inqilablardan sonra gənclərin fəallaşmasından və təşkilatlanmasından çox narahat olduğunu deməyə imkan verir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin yeni qrupu hesab olunan gənclər əsasən sosial şəbəkələrdə fəal olmaqla hakimiyyətin kəskin tənqidi ilə fərqlənirlər.

Limon Tour World Guide Tranzito