1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

SMDT-nin Tarixi

PDF faylını al Çap E-poçt

Posted on 13 Sentyabr 2012

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən 1 dekabr 2008-ci ildə təsis edilib. Həmin tarixə qədər SMDT-nin üzvləri və təsisçiləri Seçki Monoitorinq Mərkəzində (SMM) fəaliyyət göstəriblər. Seçki Monitorinq Mərkəzi 24 iyul 2001-ci ildə təsis edilib və yarandıqdan sonra 6 dəfə dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

SMM-in qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə aşağıdakı tarixlərdə təqdim edilib:

• 14 mart 2006-cı il tarixində sənədlər göndərilib, 1 iyun 2006-cı ildə isə geri qaytarılıb;

• 28 iyun 2006-cı il tarixində sənədlər göndərilib, 15 sentyabr 2006-cı ildə isə geri qaytarılıb;

• 28 sentyabr 2006-cı il tarixində sənədlər göndərilib, 8 dekabr 2006-cı ildə isə geri qaytarılıb;

• 28 fevral 2007-ci il tarixində sənədlər göndərilib, 25 iyun 2007-ci ildə isə geri qaytarılıb;

• 1 avqust 2007-ci il tarixində sənədlər göndərilib, 7 noyabr 2007-ci ildə isə geri qaytarılıb.

6 dekabr 2007-ci ildə SMM-in sənədləri Ədliyyə Nazirliyinə qeydiyyat üçün altıncı dəfə təqdim edilib və 1 fevral 2008-ci ildə təşkilat dövlət qeydiyyatına alınıb. Ancaq 17 aprel 2008-ci ildə Ədliyyə Nazirliyi SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğvi barədə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib. Bu iddia ərizəsi 1 ay sonra -14 May 2008-ci ildə təmin edilib.

Ədliyyə Nazirliyi SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunmasını üç məsələ ilə əlaqələndirib:

• SMM-in təsis sənədlərində təsisçilər barədə məlumatların qeyri-müəyyən olması;

• SMM-in hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın Ədliyyə Nazirliyinə bildirilməməsi;

• SMM-in Azərbaycan Respublikasının 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi.

SMM-in təsisçiləri Xətai Rayon Məhkəməsinin 14 may 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə (birləşmək hüququ), eləcə də “Qeyri-hökumət təşkilatları haqqında” qanunun 17 və 20-ci maddələrinə zidd olduğu bildirib. Həmçinin, İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırılması hüququ, 11-ci maddəsində nəzərdə tutumuş birləşmək hüququ, eləcə də Konvensiyaya əlavə edilmiş 1 saylı protokolun 1-ci bəndində nəzərdə tutulumuş mülkiyyət hüququ pozulub.

SMM təsisçiləri 15 oktyabr 2008-ci il prezident seçkisi ərəfəsində yerli seçki müşahidəçiliyi ilə məşğul olan tərəfsiz təşkilatın qeydiyyatının ləğvinin Azərbaycan hakimiyyətinin azad və aşkar prezident seçkilərinin keçirilməsi ilə bağlı niyyətlərini şübhə altına aldığını bildiriblər.

Qeyd edək ki, SMM-in qeydiyyatının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinin iddia ərizəsi və bu barədə Xətai rayon məhkəməsinin qərarı yerli müstəqil hüquqşünaslar, o cümlədən ATƏT-in Bakı Ofisi, ABŞ Milli Demokratiya İnstitutu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Norveçin Azərbaycandakı səfirlikləri tərəfindən pislənilib. Bu hadisə əsasən, vətəndaşların birləşmək hüququn pozulması kimi qiymətləndirilib.

SMM-in qeydiyyatının ləğvindən sonra təşkilatın təsisçiləri yuxarı məhkəmə instansiyalarına müraciət ediblər və təşkilatın qeydiyyatının bərpasına çalışıblar. Bununla bağlı aparılan məhkəmə prosesləri aşağıdakı xronoloji ardıcıllıqla keçirilib:

1) 22 may 2008-ci ildə SMM-in təsisçiləri Xətai rayon Məhkəməsinin qətnamənin dərhal icraya yönəldilməsi haqqında qərardadından şikayət hazırlayaraq adıçəkilən məhkəməyə təqdim ediblər. Ancaq 27 may 2008-ci ildə Xətai rayon Məhkəməsi bu şikayəti təmin etməyib.

2) 27 may 2008-ci ildə Xətai rayon Məhkəməsinin Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi və etibarsız hesab olunması barədə apellyasiya şikayətinə dair qərardadı yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Bakı Apellyasiya Məhkəməsi 17 iyun 2008-ci ildə işə baxaraq, Xətai rayon Məhkəməsinin qərardadını qüvvədə saxlayıb.

3) 11 iyul 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsinin Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi və etibarsız hesab olunması barədə qətnamənin dərhal icra olunmasına dair qərardadı qüvvədə saxlamasına dair qərarından Ali Məhkəmənin Mülki İşlər üzrə Kollegiyasına şikayət təqdim edilib. 14 iyul 2008-ci il tarixli qərardadla Ali Məhkəmə ərizəçilərin kassasiya şikayətini geri qaytarıb. Əsas kimi kassasiya şikayətinin Vəkillər Kollegiyasına üzv olan şəxs tərəfindən tərtib edilməməsi və imzalanmaması göstərilib.

4) 28 iyul 2008-ci ildə Seçki Monitorinq Mərkəzi 14 iyul tarixli qərardaddan yenidən şikayət hazırlayaraq Ali Məhkəməyə təqdim edib. 19 sentyabr 2008-ci il tarixində Ali Məhkəmənin Mülki İşlər üzrə Kollegiyasında işə baxılıb. Kollegiya SMM-in kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi və vəkilin kassasiya mərhələsində iştirakı barədə orderin işə əlavə edilməməsini əsas gətirərək, Bakı Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxlayıb.

5) 25 noyabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsində Xətai rayon Məhkəməsinin Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvi və etibarsız hesab olunması barədə qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya baxışı davam edib. Ancaq Bakı Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlayıb.

6) SMM təsisçiləri məhkəmənin bu qərarına etiraz edərək, Ali Məhkəməyə şikayətlə müraciət ediblər. Ali Məhkəmə 22 may 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

7) SMM-in təsisçiləri şikayəti təmin olunmadığı üçün yerli məhəkəmə instansiyalarını keçdikdən sonra 20 noyabr 2009-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər

1 dekabr 2008-ci ildə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) təsis edildikdən sonra bu barədə bildiriş (18 dekabr 2008-ci ildə) Ədliyyə Nazirliyinə göndərilib. Ancaq bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Ədliyyə nazirliyi müxtəlif bəhanələrlə SMDT-ni qeydiyata almaqdan imtina edib. SMDT bununla bağlı yerli məhkəmələrə müraciət etsə də, məhkəmələr Ədliyyə Nazirıliyinin xeyrinə qərar çıxarıb.

2009-cu ildə isə SMDT dövlət qeydiyyatına alınmaq üçün 3 dəfə müvafiq sənədlərlə Ədliyyə nazirliyinə müraciət edib. Bununla bağlı proseslər aşağıdakı ardıcıllıqla başverib:

1) SMDT-nin qeydiyatı üçün Ədliyyə nazirliyinə birinci müraciəti

● 26 yanvar 2009-cu ildə təşkilatın dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilib.

● 29 aprel 2009-cu ildə Ədliyyə Nazirliyi sənədləri geri qaytarıb. Nazirlik əsas kimi bildirib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunun 5.4-cü maddəsinə görə protokol deyil, qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar təqdim olunmalıdır. Həmçinin nizamnamənin 1.4-cü bəndində “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun adı düzgün qeyd olunmayıb, yəni ictimai birliklər sözündə “lar” şəkilçisi olmayıb.

● 13 may 2009-cu ildə SMDT-nin təsisçiləri Ədliyyə Nazirliyinin qanusuz hərəkətlərindən Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Yasamal Rayon Məhkəməsinin hakimi Elçin Qurbanov 25 may 2009-cu il tarixli qərardadla iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarıb. Məhkəmə bu addımını qərardadında aşağıdakı kimi əsaslandırıb:

“Məhkəməyə göndərilmiş iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli qeyd edilsə də, həmin sənəd ərizəyə əlavə edilməmişdir”.

Halbuki dövlət rüsumunun ödənilməi haqqında qəbzin əsli iddia ərizəsinə əlavə edilib.

● SMDT təsisçiləri dövlət rüsumun ödənilməsi haqqında sənədin əslini iddia ərizəsinə yenidən əlavə edərək, 9 iyun 2009-cu ildə Yasmal Rayon Məhkəməsinə yenidən müraciət edib. Ərizə məhkəməyə təqdim edildikdən 1 həftə sonra Yasamal Rayon Məhkəməsinin başqa bir hakimi – Xəqani Məmmədov 16 iyun 2009-cu il tarixli qərardadla iddia ərizəsini və ona əlavə olunan sənədləri yenidən geri qaytarıb. Məhkəmə bu addımını qərardadında aşağıdakı kimi əsaslandırıb:

“İddiaçıların öz tələblərini əsaslandırmaq üçün təqdim etdiyi sənədlər kserosurətlərdən ibarətdir. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 150.0.5 və 89-cu maddələrinin birgə mənalarına görə irəli sürülmüş tələbi təsdiq etmək üçün məhkəməyə sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır”.

● 21 iyul 2009-cu ildə təsisçilər məhkəməyə yenidən – 3-cü dəfə müraciət edib.

● 2 sentyabr 2009-cu ildə Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanov SMDT-nin iddasını təmin etməyib.

● 2 oktyabr 2009-cu ildə SMDT-nin təsisçiləri Yasamal Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

● 17 dekabr 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Ədliyyə Nazirliyinin lehinə qərar qəbul edilib.

2 fevral 2010-cu ildə SMDT-nin təsisçiləri  Ali Məhkəməyə müraciət edib.

13 Avqust 2010-cu ildə Ali Məhkəmə SMDT-nin iddiasını təmin etməyərək işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib

2) SMDT-nin qeydiyatı üçün Ədliyyə nazirliyinə ikinci müraciəti

● SMDT ədalətsiz məhkəmə çəkişməsinə baxmayaraq 21 may 2009-cu ildə yenidən qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə göndərib.

● 18 avqust 2009-cu ildə Ədliyyə Nazirliyi yenidən SMDT-ni qeydiyyata almaqdan imtina edib. Buna səbəb kimi isə Nizamnamədə SMDT-nin daimi və müvəqqəti əsaslarla fəaliyyət göstərməsinin qeyd olunmadığı bildirilib.

3) SMDT-nin qeydiyatı üçün Ədliyyə nazirliyinə üçüncü müraciəti

● 3 dekabr 2010-cu ildə SMDT-nin təsisçiləri təşkilatın dövlət qeydiyyatına alınması üçün bir il ərzində artıqüçünçü dəfə Ədliyyə Nazirliyinə müraciət ediblər.

● 18 dekabr 2009-cu il tarixli məktubla Ədliyyə Nazirliyi SMDT-nin dövlət qeydiyyatına alınması məqsədi ilə sənədlərə baxılma müddətini 30 gün artırıb.

● 4 mart 2010-cu ildə Ədliyyə Nazirliyi SMDT-ni yenidən qeydiyyata almaqdan imtina edib. Buna səbəb kimi isə Nizamnamədə Birliyin üzvlüyünə xitam verilməsindən Birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verilmədiyi bildirilib.

Limon Tour World Guide Tranzito