1. Skip to Menu
  2. Skip to Content
  3. Skip to Footer>

Ali Məhkəmə SMDT-nin iddiasini təmin etmədi

Posted on 20.04.11

PDF faylını alÇapE-poçt

Aprelin 20-də, Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmaqdan imtina ilə bağlı kassasiya şikayətini təmin etməyib. Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etmədiyi məhkəmə prosesində hakim İslam Əliyevin sədrlik etdiyi Məhkəmə Kollegiyası Bakı Apellasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

SMDT 1 Dekabr 2008-ci ildə qeydiyyatı Xətai rayon məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin qanuna zidd iddiaları əsasında ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis olunub.

Təsis olunduqdan sonra dövlət qeydiyyatı ilə əlaqədar dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq Ədliyyə Nazirliyi müxtəlif bəhanələrlə Birliyi qeydiyyata almaqdan imtina edib.

Təsisçilər Ali Məhkəmənin qərarı ilə razılaşmayaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi planlaşdırır.

SMDT Azərbaycanda seçki sistemi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı yönündə çalışan tərəfsiz qeyri-hökumət təşkilatıdır.

Read Article

SMDT-nin Gəncədə VCT-lərə qarşı təzyiqlərlə bağlı Bəyanatı

Posted on 05.03.11

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 4 mart 2011-ci ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə Vətəndaş Cəmiyyəti təşkilatları və fəallarına qarşı baş verən təzyiqləri pisləyərək, bu hadisələri həmin siyasi fəaliyyət imkanlarının, birləşmək və toplaşmaq azadlıqları, o cümlədən fikir plüralizmin məhdudlaşıdırlması kimi qiymətləndirir.

Xatırladaq ki, 4 mart 2011-ci ildə saat 19.00 radələrində Gəncə şəhər icra hakimiyyəti nümayəndələri SMDT-nin bölgə  nümayəndəliyi və yerli QHT - “Demos” İctimai Birliyinin Zərdabi küçəsi 41 ünvanında yerləşən ofisinə gələrək, hər iki təşkilatın əməkdaşlarından həmin binanı tərk etməyi tələb ediblər.  SMDT-nin Gəncə bölgəsi üzrə koordinatoru Asəf Əhmədov bu tələbi qanunsuz sayaraq, etiraz edib. Bundan sonra Gəncə şəhər icra hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Ruslan Qardaşov və şəhər İcra hakimiyyəti humanitar məsələlər üzrə müavini Akif  Ələkbərov Gəncə şəhər Nizami rayonu polis şöbəsi əməkdaşlarını sözügedən ünvana dəvət ediblər. İcra hakimiyyətinin nümayəndələri heç bir səbəb gətirmədən, “yuxarıların göstərişi” ilə ofisi dərhal boşaltmağı və açarları Nizami Rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verməyi tələb ediblər. Bundan sonra yuxarıda adı çəkilən məmurlar və polis əməkdaşlarının iştirakı ilə hər iki təşkilatın avadanlıqları ofisdən çıxardılıb və otaqlar boşaldılıb.

Qeyd edək ki, həmin gün Zərdabi 11 ünvanında yerləşən başqa bir yerli QHT - Gəncə Regional İnformasiya Mərkəzinin avadanlıqları da kirayələdiyi ofisdən çıxardılıb.

SMDT hesab edir ki, martın 4-də Gəncə şəhərində həbs edilən vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyev barədə məhkəmə prosesi kobud qanun pzountuları ilə müşayiət olunub. Belə ki, Gəncə şəhər Nizami rayon məhkəməsi Hacıyevin işgəncəyə məruz qalması, habelə yeni vəkillə təmin olunması barədə iddialarını təmin etməyib, bununla da ədalətli mühakimə hüququ pozulub. Məhkəmənin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçilib.

SMDT 4 mart 2011-ci ildə Gəncə şəhərində 3 QHT-nin yerləşdiyi ofislərdən çıxarılmasını və gənc fəal Bəxtiyar Hacıyevin həbsini vətəndaşların siyasi hüquqlarının kobud şəkildə pozulması, vətəndaş cəmiyyəti təşkilatları və fəallarına qarşı siyasi ayrı-seçkiliyin təzahürü hesab edir.

SMDT Azərbaycan Respublikası dövlət orqanları, parlament və Ombudsman institutu, habelə Vətəndaş Cəmiyyəti təşkilatlarının Gəncədə vətəndaş cəmiyyəti təşkilatları və fəallarına qarşı  təzyiqlərin aradan qaldırılması üçün səylər nümayiş etdirməyə çağırır.

Read Article

SMDT Yekun Hesabatını açıqlayıb

Posted on 04.02.11

PDF faylını alÇapE-poçt

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikasının Milli Məclisinə 7 Noyabr 2010-cu ildə keçirilən seçkilərinin monitorinqinin nəticələrinə dair Yekun Hesabatını açıqlayıb. SMDT 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı Azərbaycan qanunvericiliyi və beynəlxalq standartların tələblərinin kobud şəkildə pozulduğunu qeyd edərək, bu seçkilərin azad və ədalətli qaydada keçirlmədiyini bildirir.

7 noyabr 2010-cu il parlament seçkiləri Azərbaycan Respublikası Milli Məclisinə 125 deputat yeri uğrunda eyni sayda təkmandatlı seçki dairəsində keçirilib. MSK-nın yaydığı məlumata görə, 1100 nəfər vətəndaş deputatlığa namizədliyini irəli sürüb, onlardan 695 nəfər qeydiyyata alınıb. Namizədlərdən 347 nəfəri siyasi partiya üzvləri, digərləri isə müstəqil namizədlər olub.

Müşahidəçilər seçki günü çoxlu sayda pozuntu hallarını qeydə alıb. Ölkə üzrə məntəqələrin 26 faizində saxta bülletenlərin qutulara atılması, 24 faizində bir şəxsin bir necə dəfə səs  verməsi, 24 faizində barmaqlar mürəkkəblənmədən səsvermə və 28 faizində barmaqların ultrabənövşəyi lampa ilə yoxlanmadan səsvermə halları baş verib. Bundan əlavə seçki məntəqələrin 12 faizində səsvermınin nəticələri yekun protokolda düzgün əks olunmayıb. 25 faiz seçki məntəqələrdə isə protokolların sürətləri məntəqənin qarşısında asılmayıb.

SMDT 7 noyabr 2010-cu il parlament seçkilərindən sonra yaranmış vəziyyəti aradan qaldırmaq üçün Azərbaycan hökümətini ölkədə siyasi etimadı bərpa etməyə, xüsusilə də, seçki qanunvericiliyini təkmilləşdirməyə, o cümlədən seçki şikayətlərinin ətraflı araşdırılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi, sərbəst toplaşmaq, birləşmək və ifadə azadlığını təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı, həmçinin dövlət idarəçiliyində vətəndaş iştirakının artırılması istiqamətində tədbirlər həyata keçirməyə çağırır.

SMDT parlament seçkilərinin monitorinqini 83 nəfər uzunmüddətli müşahidəçi və 1287 nəfər qısamüddətli müşahidəçi ilə həyata keçirib.

Yekun Hesabatın tam mətni ilə burada tanış ola bilərsiz.

Read Article

SMDT 18 dairə üzrə müşahidənin nəticələrini açıqlayıb

Posted on 19.11.10

PDF faylını alÇapE-poçt

SMDT Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında ölkənin 125 seçki dairəsi üzrə 1007 seçki məntəqəsində seçki günü səsvermə və səslərin sayılması proseslərini izləyib.

Müşahidə olunan 1007 seçki məntəqəsində monitorinq 2 istiqamətdə təşkil edilib:

1) 607 seçki məntəqəsində seçki günü məntəqələrin açılması, səsvermə və səssayma prosesləri müşahidə edilib. SƏM metodu üzrə 607 seçki məntəqəsi milli təmsilçilik (ölkə üzrə seçki məntəqələrinin ümumi sayı) əsas götürülməklə təsadüfi seçim əsasında müəyyən edilib. Bu məntəqələr üzrə nəticələr 8 noyabr 2010-cu ildə açıqlanıb.

2) SMDT seçki günü 18 seçki dairəsində 541 seçki məntəqəsində (cəmi 597 seçki məntəqəsi) məntəqənin açılması, səsvermə və səssayma prosesləri ilə yanaşı namizədlər arasında səslərin protokollaşdırılması prosesinin düzgünlüyünü öyrənib.

Azərbaycanda seçki şəraitini nəzərə alaraq, SMDT 18 seçki dairəsini aşağıdakı 5 kriteriya əsasında müəyyən
edib:

●6 noyabr 2005-ci il parlament seçkilərində yüksək rəqabətin qeydə alındığı dairələr
●Nüfuzlu siyasi liderlərin namizəd olduğu dairələr
●MSK-da qeydiyyatdan keçmiş əksər siyasi partiya və bloklardan namizədlərin təmsil olunduğu dairələr
●Seçkiqabağı təşviqat dövründə siyasi fəallığın yüksək olduğu dairələr
●Müşahidə üçün texniki çətinliklərin cüzi olduğu dairələr

SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 18 seçki dairəsində əksər seçki məntəqələrində yerləşməklə namizədlər arasında səslərin bölünməsini müşahidə ediblər. Həm seçki günü, həm də seçki günündən sonra SMDT18 seçki dairəsində əməkdaşlıq etdiyi müşahidəçilərdən ciddi qanun pozuntuları ilə bağlı məlumatlar əldə edib (18 seçki dairəsi üzrə 541 seçki məntəqəsindən ciddi qanun pozuntuları baş vermiş 335 seçki məntəqəsi üzrə məlumatlar).

SMDT 18 seçki dairəsində qeydə alınmış pozuntuları araşdıraraq, hesab edir ki, həm seçki məntəqələri, həm də Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr ciddi şübhə doğurur və bu seçki dairələri üzrə seçki prosesinin qanuniliyi ilə bağlı şikayətlər diqqətlə araşdırılmalıdır.

Hesabatla burada tanış ola bilərsiz.

Read Article

SMDT seçki günü müşahidəçiliyinin nəticələrinə dair İlkin Rəyi

Posted on 09.11.10

PDF faylını alÇapE-poçt

8 Noyabrda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki günü müşahidəçiliyinin nəticələrinə dair İlkin Rəyini açıqlayıb.

SMDT Azərbaycanda 7 noyabr 2010-cu il parlament seçkilərini uzunmüddətli və qısamüddətli qaydada ölkədə mövcud olan 125 seçki dairəsi ərazisində müşahidə edib. Uzunmüddətli müşahidələrin nəticələrinə dair SMDT iki dəfə Aralıq Hesabat hazırlayaraq, ictimaiyyətə təqdim edib. Parlament seçkiləri günü SMDT ilə əməkdaşlıq edən müşahidəçilər bütün ölkə üzrə təmsilçilik üzrə təsadüfi yolla seçilmiş 608 seçki məntəqəsində Statistikaya Əsaslanmış müşahidə aparıblar

SMDT seçki günü seçki məntəqələrinin açılışı zamanı az sayda pozuntular qeydə alıb. Ancaq səsvermə prosesi bir sıra qanun pozuntuları ilə - bir şəxsin bir-neçə dəfə səs verməsi (24%), seçicilərin qrup halında məntəqəyə gətirilməsi (20%), adı seçici siyahısında olmayan insanların səsvermədə iştirakı (18%) və saxta seçki bülletenlərinin qutulara atılması (26%) ilə müşayiət olunub. SMDT ilə əməkdaçlıq edən müşahidəçilər səslərin sayılması zamanı ölkə üzrə seçki məntəqələrinin 12% səslərin yekun protokollarda düzgün əks olunmadığını qeydə alıblar. Bununla yanaşı ölkə üzrə seçki məntəqələrinin 25% yekun protokollar məntəqələrin qarşısnda asılmayıb.

Seçki günü namizədləri təmsil edən şəxslərlə yanaşı müşahidəçilərə qarşı ciddi təzyiqlər qeydə alınıb. Bu təzyiqlər seçki məntəqələrində qanun pozuntularına irad bildirən və səslərin sayılmasını izləmək istəyən müşahidəçilərə qarşı baş verib.

SMDT 7 noyabr 2010-cu il parlament seçkilərinin bütün mərhələri üzrə baş verən qanun pozuntuları və ölkədəki ümumi seçki mühitinə əsasən hesab edir ki, bu seçkilər milli qanunvericiliyin və demokratik seçkilərlə bağlı beynəlxalq standartların tələblərinə cavab verməyib, həmçinin azad və ədalətli hesab oluna bilməz.

İlkin Rəylə burada tanış ola bilərsiz.

Read Article

Limon Tour World Guide Tranzito